"24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq".
Manset.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov jurnalistlərə açıqlamasında deyib.
"Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerinə Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər", - deyə mətbuat katibi əlavə edib.
Vətəndaşlar "Yaşayış Yerinǝ Giriş İcazə" sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1-İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə, Tel: (012) 497-35-89
Zona 2-Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32, Tel: (012) 498 88 06
Zona 3-Mənzil-Kommunal və İstismar İdarəsi No 58, İstiqlaliyyət küçəsi 5, Tel: (012) 492 41 85
Qeyd edək ki, "Yaşayış Yerinə Giriş icazəsi"nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək.