Ermənistana “qan-qan” dedirdən, Paşinyana qanqal yedirdən…

12:21 - 15 İyun 2023

Ermənistana “qan-qan” dedirdən, Paşinyana qanqal yedirdən…

Ermənistan tərəfinin bir neçə gündür ki, ardıcıl təxribatlar törətməsi diqqətdən qaçmır. Bütün bu təxribatlar isə növbəti Brüssel görüşü öncəsi baş verməkdədir. Qarabağ separatçılarının da bu məsələdəki xüsusi "canfəşanlığı" qeyd edilməyə bilməz. 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdəki mövqelərinin fasilələrlə atəşə məruz qalması bu məsələdə kənar qüvvələrin də maraqlarının olduğunu ön plana çıxarır. 

Məhz kənd təsərrüfatı işləri adı altında separatçıların mövqelərimiz - Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərmələri onu deməyə əsas verir ki, Azərbaycana qarşı ciddi səylə növbəti irimiqyaslı hərbi təxribat hazırlığı davam etdirir. Elə son günlər Qarabağın sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında separatçılara məxsus hərbi texnikaların sürətli şəkildə yer dəyişməsi, yeni mövqelər qurulması istiqamətində görülən işlər bir daha bu iddiaların nə qədər həqiqəti əks etdirdiyini təsdiqləyir. 

Əlbəttə ki, onların bütün cəhdlərinin qarşısı alınır, adekvat cavab verilir. Lakin bu, rəsmi Bakını qane etmir. Çünkü Ermənistan tərəfi davamlı sülhə bu yolla mane olub, yekun sənədin imzalanması vaxtını ləngitməyə çalışırlar. Doğrudur, Ermənistan sülh istəmirsə, o sülh olmayacaq. Bu, Azərbaycanı yox, məhz Ermənistanı ciddi narahat etməlidir. Amma o da nəzərə alınmalıdır ki, qarşı tərəf son günlər sürətli olaraq məhz təxribat cəhdlərini Ermənistan Azərbaycan ərazisində həyata keçirirlər. 

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıq” deyir, digər yandan isə sülh sazişinin imzalanmasını yubatmağa çalışır. Şübhəsiz ki, Paşinyana bu "cəsarəti" verən qüvvələr var. Elə ilk öncə Rusiyanın adını çəkə bilərik. Şimal qonşumuz qəti şəkildə bölgədə sülhün əleyhinədir. Moskva Azərbaycan ilə Ermənistan arasında Bakının 5 maddəlik sülh şərtləri daxilində sənədlərin imzalanmasına qarşıdır. Çünkü bu sənədin imzalanması regional təhlükəsizliyin təmin olunması, beynəlxalq nəqliyyat kommunikasiyalarının açılması və əsas olaraq Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesinin sürətlənməsi demək olacaq. 

Hadisələrin bu cür cərəyan etməsi Rusiyanı qane etmir. Kreml bölgədə sabitliyi özünün Cənubi Qafqazdakı mövqeyini qoruyub saxlamaq istiqamətində ciddi təhdid görür. Lakin bu gün Ukrayna ilə müharibə fonunda dünyanın təzyiqi, Ukraynaya silah-sursat, hərbi təchizat baxımından dayanmayan yardımı qarşısında hər gün daha çox zəifləyən bir Rusiya görməkdəyik. Bu vəziyyət Kremli məcbur qoyur ki, yaranmış dözülməz şəraitdə Azərbaycan kimi bir tərəfdaşını itirməsin. Bu mənada Moskva mütləq şəkildə çətin də olsa Bakının şərtlərini qəbul etməyə məcbur qalacaq kimi görünür. Bunu elə Zəngəzur dəhlizi ilə bağlı Baş nazir müavinlərinin Moskvada son üçtərəfli görüşündə əldə olunan çox önəmli razılıq da təsdiqləyir. 

Lakin Bakının qarşısında tək və ciddi maneə Rusiya deyil. Təəssüflər olsun ki, 44 günlük müharibə müddətində olduğu kimi, postkonflikt dövründə də Fransanın Ermənistanı himayə etməsi prosesi davam edir. Separatizmə hər cür dəstək verməsi azmış kimi, Parisin Ermənistanı dayanmadan silahlandırmaq məqsədi ilə göstərdiyi təşəbbüslər, imzalanan sənədlər bölgədə növbəti eskalasiya hazırlığından başqa bir şey deyil. 

Parisin İrəvanı silahlandırması sülh danışıqlarına zərbə vurmağa hesablanıb. Rəsmi Paris Ermənistanı silahlandırmaqla Vaşinqtonda gedən sülhyaratma prosesinə qarşı təxribat törətmək, bu ayın sonlarına doğru planlaşdırılan XİN başçıları arasındakı növbəti Vaşinqton və dövlət başçılarının gələn aya nəzərdə tutulan Brüssel danışıqlarını növbəti dəfə zərbə altına almaq, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini dalana dirəmək üçün qurulmuş plandır. 

Bakı ilə İrəvan sülh danışıqlarının bir addımlığında olduğu halda Ermənistanın gah sərhəddə və Qarabağda hərbi təxribatlar törətməsi, gah da qarşımıza Azərbaycanla Qarabağdakı ermənilər arasında keçirilən danışıqlarda beynəlxalq institutlar iştirak etməsi çərtini qaldırması sülhdən qaçmaq üçün öncədən düşünülmüş bir məsələ idi. Çünkü əslində Ermənistanın "beynəlxalq institutlar", "beynəlxalq tərəflər" kimi təklif etdiyi aktorlar arasında şübhəsiz ki, Fransa da var. O Fransa ki, bu gün əlindən gələni edir ki, separatçılar Qarabağən tamamilə Azərbaycanın nəzarətinə keçməsinə qarşı çıxsınlar, reinteqrasiyaya imkan verməsinlər. 

Nikol Paşinyan onu da yaxşı bilir ki, rəsmi Bakı yenidən beynəlxalq institutları bölgəyə gətirməyəcək, buna razı olmayacaq. Belə olan təqdirdə məqsəd gün kimi aydındır: Ermənistan tərəfi danışıqlarda vaxtı uzatmaq barədə düşünür.

Lakin həm Nikol Paşinyan, həm də onun sələfləri - "Qarabağ klanı" yaxşı bilir ki, Qarabağ Azərbaycan ərazisidir və bu, beynəlxalq birlik tərəfindən qəbul edilib. Əgər ermənilər özlərini bütün bu proseslərdən sonra yenə də belə aparmağa davam etsələr, sülhə mane olmağa can atsalar, o zaman rəsmi Bakı antiterror əməliyyatı kimi legitim hüququndan istifadə edəcək. O əməliyyatın nə zaman baş verəcəyi isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bundan sonrakı destruktiv addımlarından asılıdır. Axı, Bakının səbri əbədi deyil.

 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az