YAP Yasamal rayonu “M.Seyidov küç.24” (13 nömrəli Uşaq Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib.
Manset.az xəbər verir ki, iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 13 saylı Uşaq Poliklinikasının baş həkimi Aida Axundova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə Partiyanın üzvləri iştirak edib.
13 saylı Uşaq Poliklinikasının baş həkimi Aida Axundova iclas iştirakçılarını salamlayaraq sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qısa zaman ərzində tarixi Zəfərlər əldə olunmaqla iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açılıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev ərazi üzrə üzvlərinin Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.
İclasda YAP Yasamal rayonu “M.Seyidov küç.24” (13 nömrəli Uşaq Poliklinikası) ünvanlı ərazi partiya təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Ərazi partiya təşkilatının sədri vəzifəsinə Gülnarə Həsənova, sədr müavini vəzifəsinə isə Zəminə Nəsibova namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Gülnarə Həsənova ərazi partiya təşkilatının sədri, Zəminə Nəsibova isə sədr müavini seçilib.