Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ancaq AŞPA düşmən ölkəni müdafiə etməklə beynəlxalq riyakarlığı göstərdi. Bu azmış kimi uzun illər ermənipərəst mövqe sərgilədi. Ötən il Azərbaycan öz ərazilərində sepratçılara qarşı anti-terror əməliyyatları keçirəndə isə bu qurum “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etməklə növbəti dəfə öz xain simasını nümayiş etdirdi. Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələməsi isə artıq qırmız xətti keçmək idi və Azərbaycan nümayəndə heyətinin qərarı düzgün və vaxtında atılmış addım idi. Bu barədə Milli Məclisin depuatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, bu təşkilat sözün əsl mənasında intriqa, ksenofob, islamofob və türkofob təzahürlərin tüğyan etdiyi, çirkin oyunlar oynayan lobbiçilərin açıq təsirlərinin mövcud olduğu quruma çevrilibdir. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi də bu cür təsirlərə məruz qalaraq riyakar, ermənipərəsət qərarlar qəbul etməklə hörmətdən düşüb.
A.Hüseynov onu da bildirib ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.