Ukraynanın birinci xanımı Yelena Zelenskaya Sloveniyanın "OnaPlus" nəşrinə müsahibə verib və xəyallarından danışıb.
Manset.az xəbər verir ki, o, xüsusən müharibənin davam etdiyi bir vaxtda hər hansı plan qurmağın çətin olduğunu vurğulayıb. Lakin Yelena Zelenskaya qələbəyə inanır və artıq vacib bir istəyi var.
"Mən bir insanın üzündə müharibədən əvvəlki dövrün qayğısız təbəssümünü görməyi arzulayıram. Bu, ən pisin arxada qalması, uğur qazanmağımız deməkdir. Qarşıda hələ çox iş var, amma ölüm və dağıntı nəhayət bitəcək. Arzu edirəm ki, nəinki vaxtım olanda, həm də istədiyim qədər ailəmin yanında olum", deyə birinci xanım bildirib.
Qeyd edək ki, bundan əvvəl Yelena Zelenskaya həyat yoldaşı Volodimir Zelenskinin müharibə zamanı necə dəyişməsindən danışmış və müharibənin əri ilə münasibətlərinə güclü təsir etdiyini etiraf etmişdi. Xüsusilə, o, bir-birlərini çox nadir hallarda gördüklərini, bəzən sadəcə telefonla danışmağa belə vaxtlarının olmadığını deyib. Müharibə onların iki uşağının həyatını da dəyişib. İndi onlar heç nə qeyd etmirlər və tətilə də getmirlər, çünki onların düşündüyü tək şey ukraynalılara kömək etməkdir.
Jalə
Manşet.az