Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, aprelin 16-da LGBT təbliğatını qadağan edən Konstitusiyaya dəyişikliklərin ictimai müzakirəsi üçün komissiya yaradılacaq və parlamentdə müzakirələr mayın ortalarında başlayacaq.
Manset.az xəbər verir ki, parlament çoxluğunun təşəbbüsü ilə irəli sürülmüş qanun layihələrinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətin dəyişdirilməsi, gender xüsusiyyətlərini müəyyən edən anlayışların istifadəsinin məhdudlaşdırılması və bütün bunların təbliği qadağandır. Müvafiq komissiya yaradıldıqdan sonra təşəbbüsün ümummilli müzakirəsi başlayacaq.
"Bir həftədən sonra, aprelin 16-dan parlamentdə ictimai müzakirə komissiyası yaradılacaq, daha sonra bu qanun layihəsini bir ay ərzində ölkənin müxtəlif bölgələrində ictimaiyyətlə müzakirə edəcək və ictimai rəyi dinləyəcək. Komissiyanın işi may ayının ortalarında başa çatacaq, sonra biz nəticələri komitəyə təqdim edəcəyik və bütün bunlar parlamentdə müzakirələrlə davam etdiriləcək", deyə Papuaşvili bildirib.
Gürcüstan hakimiyyəti martın sonunda LGBT təbliğatını qadağan etmək planlarını açıqlayıb. Arqument ailə dəyərlərinin və gələcək nəslin psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən qorunması zərurətidir.
Bu qanun layihəsinin qəbulu üçün parlament deputatları siyahısının 3/4-nin, yəni minimum 113 deputatın səsi tələb olunur. Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası və Xalq Gücü Partiyasının təmsil etdiyi parlament çoxluğu hazırda cəmi 83 yerə malikdir.
Jalə
Manşet.az