Hindistanın Prayaqrac şəhərində 3 nəfərin faciəli ölümü ilə nəticələnən hadisədə 7 nəfər həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Anşika adlı gənc qadının ər evində özünü asmış vəziyyətdə tapılmasından sonra gəlinin ailəsi 60-70 nəfərlik qrupla evə basqın edərək ailəni döyüb, evi yandırıb və çıxıb gedib.
Saatlarla davam edən yanğından sonra iki nəfərin yanmış cəsədi tapılıb.
Beləki, hadisədən təxminən bir saat əvvəl Anşika adlı qadın Kesarvani ailəsinin evində özünü asıb.
Kesarvani ailəsi və Hindistan polisi Anşikanın intihar etdiyini desələr də, gəlinin ailəsi və qonşuları onun cehiz üçün öldürüldüyünü iddia ediblər.
Polisin məlumatına görə, Anşikanın ailəsi qızlarının ölümündən xəbər tutandan az sonra Kesarvanların evinə basqın edib və iki ailə arasında böyük dava düşüb.
Anşikanın valideynləri qızlarının meyitini evdən çıxardıqdan sonra evi yandırıblar.
Polis rəsmisi BBC-yə bildirib ki, Anşikanın atası, əmisi və əmisi uşaqları da daxil olmaqla 7 nəfər həbs edilib.
Qeyd edək ki, Hindistanda 1961-ci ildən bəri cehiz vermək və almaq qeyri-qanuni olsa da, son araşdırmaya görə, nikahların 90 faizi hələ də cehizlə bağlanır. Polisə hər il ər-arvadın zorakılığı ilə bağlı minlərlə şikayət daxil olur və statistika göstərir ki, 2017-2022-ci illər arasında 35 493 gəlin kifayət qədər cehiz gətirmədiyi üçün öldürülüb.
Əfsanə Rəcəb
Manşet.az