Moskva və Vaşinqton Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın şəxsi görüşünün mümkünlüyünü müzakirə edir, lakin danışıqların təşkili ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəkı yeni səfiri Aleksandr Darçiyev məlumat verib. Hələlik iki ölkə liderləri arasında telefon danışıqları formatında təmaslar davam edir.
"Əhəmiyyətli nəticələr əldə etmək üçün yüksək səviyyələrdə təmaslar diqqətli hazırlıq tələb edir. Rusiya və ABŞ prezidentləri arasında şəxsi görüşün mümkünlüyünə gəlincə, bu məsələ ilə bağlı hələlik konkret razılaşmalar yoxdur", - deyən Darçiyev hazırda telefonla birbaşa dialoqun və siqnalların mübadiləsinin aparıldığını qeyd edib.
Diplomat qeyd edib ki, təkcə prezidentlərin mümkün görüşü deyil, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında yeni danışıqlar müzakirə olunur. Eyni zamanda, Darçiyevin fikrincə, real nəticələr əldə etmək üçün belə görüşlər ciddi hazırlıq tələb edir.
Bundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Tramp arasında sonuncu telefon danışığından sonra tərəflər sammitin keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bununla belə, danışıqların tarixini və formatını müəyyən etməzdən əvvəl gündəliyi razılaşdırmaq və onların iki dövlətin dövlət başçılarının görüşündə mümkün qeydə alınması üçün yekun razılaşmaları hazırlamaq lazımdır, Kreml sözçüsü qeyd edib.