İsrailin hücumundan əvvəl Pentaqonda pizza sifarişləri partladı

10:40 - 13 İyun 2025

İsrailin hücumundan əvvəl Pentaqonda pizza sifarişləri partladı

ABŞ Müdafiə Nazirliyi – Pentaqon ətrafında yerləşən pizza satışlarında artım bir sıra mülahizələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Belə ki, İsrailin İrana hücum etməsindən qısa müddət əvvəl Pentaqondan verilən pizza sifarişlərində qeyri-adi artım müşahidə olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1 iyun 2025-ci ildə, pizza restoranlarının bağlanmasına az qalmış Pentaqon ərazisindən verilən kütləvi sifarişlər, az sonra baş verəcək geopolitik gərginliyin bir xəbərçisi olub. Bu hadisə, uzun illərdir ictimaiyyət arasında dolaşan və "Pentaqon Pizza Nəzəriyyəsi" kimi tanınan fikirin doğruluğuna dair yeni müzakirələrə yol açıb.

Nəzəriyyəyə əsasən, Pentaqon ətrafındakı pizza satışlarında kəskin artım müşahidə olunursa, bu, dünyada ciddi bir böhranın baş verməsi ilə üst-üstə düşür. Nəzəriyyəyə inananlar bildirirlər ki, bu artım Pentaqon əməkdaşlarının qeyri-adi dərəcədə intensiv işlədiklərinin göstəricisidir. Belə hallarda əməkdaşlar ofisi tərk edə bilmədikləri üçün əsasən sürətli çatdırılan yeməklərə – xüsusilə pizzaya – üstünlük verirlər.

Pizza nəzəriyyəsinin tarixi isə 1990-cı ilə, Körfəz müharibəsindən bir gün əvvələ – 1 avqust tarixində Domino's Pizza şəbəkəsinin MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) etdiyi çatdırmalardakı sıçrayışa dayanır. Bu hadisə nəzəriyyənin əsasını təşkil edən ilk ciddi müşahidə hesab olunur.

2024-cü ilin aprelində də oxşar hal yaşanıb. İranın İsrail ərazisinə PUA ilə hücum etdiyi tarixdə Pentaqondan pizza sifarişlərində ani artım baş verib.

Sosial mediada isə bu qeydləri izləyən və analiz edən @PenPizzaReport adlı hesabın son günlərdə paylaşdığı məlumatlar da nəzəriyyəyə marağı artırıb. Bildirilir ki, bu hesab jurnalistlər, kəşfiyyat təhlilçiləri və hətta maliyyə dairələri tərəfindən yaxından izlənir.

Mütəxəssislər qeyd edirlər ki, bu kimi müşahidələr bəzən zarafat kimi görünsə də, geopolitik hadisələrin sosial davranışlara necə təsir etdiyini anlamaq baxımından maraqlı göstəricilər ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv