Türkiyənin Konya şəhərində müştərilərini gizli kamerayla çəkərək şantaj edən, həmçinin işçiləri və aralarında qadın, kişi və uşaqların da olduğu şəxslərə zorla narkotik verərək fahişəliyə məcbur edən masaj salonuna “Kardelen” adlı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Konya Polis İdarəsinin əməkdaşları Selçuklu rayonunda fəaliyyət göstərən masaj salonunda zorla fahişəlik və narkotik ticarəti edildiyi barədə məlumat əldə edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, salon əməkdaşları müştəriləri gizli kamerayla çəkib şantaj edirlər. Eyni zamanda, qadın, kişi və uşaqlardan ibarət şəxslərə zorla narkotik verərək onları fahişəliyə məcbur edirlər. Bundan başqa, aralarında düşmənçilik olan şəxslərin ev və avtomobillərinə silah yerləşdirərək polisə xəbər verib onları hədəf alıblar.
Texniki və fiziki müşahidələr nəticəsində “Kardelen” adlı əməliyyat təşkil olunub. Əməliyyat zamanı 9 nəfər saxlanılıb. Axtarışlarda silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb.
Polisdəki sorğularından sonra 5 şübhəli barəsində həbs qərarı çıxarılıb, 2 nəfər ifadə verdikdən sonra prokurorluq tərəfindən sərbəst buraxılıb, 2 nəfər isə məhkəmənin qərarı ilə nəzarətə götürülüb.