Zelenski 40 milyard dollarlıq dəstək istədi

17:13 - 18 İyun 2025

Zelenski 40 milyard dollarlıq dəstək istədi

Prezident Volodimir Zelenski Kanadada keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində təşkil olunan "Güclü və suveren Ukrayna" adlı paneldə çıxış edib.


Manset.az-ın məlumatına görə, Zelenski bildirib ki, Rusiya ordusu iyunun 17-də səhərə yaxın Ukraynaya son dövrlərin ən kütləvi hava hücumlarından birini həyata keçirib. Onun sözlərinə görə, hücum zamanı 440 ədəd pilotsuz uçuş aparatı (PUA) və 32 fərqli tipdə raketdən istifadə olunub.

Zelenski hücum nəticəsində 15 nəfərin həlak olduğunu, 131 nəfərin isə yaralandığını açıqlayıb. Həlak olanlar arasında bir ABŞ vətəndaşının da olduğu bildirilib.

O qeyd edib ki, hadisənin bütün detalları hələlik dəqiqləşdirilir.

Ukrayna lideri Rusiya hücumlarının qarşısını effektiv şəkildə almaq üçün ölkəsinin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu vurğulayıb. O həmçinin belə sistemlərin artıq Ukraynanın özündə də istehsal olunmasının vacibliyini bildirib.

Zelenski çıxışında Rusiya ilə İran arasında hərbi sahədə əməkdaşlığın mövcud olduğunu, İranın istehsal etdiyi "Şahed" tipli pilotsuz uçuş aparatlarının (PUA) isə Şimali Koreyaya da göndərildiyini iddia edib. O, yalnız Ukraynanın deyil, G7 ölkələrinin də müdafiə imkanlarını artırmasının zəruri olduğunu vurğulayıb:

"ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya kifayət qədər təzyiq göstərməsə də, fakt budur ki, ABŞ hələ də dünyanın ən geniş maraqlarına və ən çox sayda müttəfiqə malik dövlətdir. Onların hamısının güclü müdafiəyə ehtiyacı olacaq."

Zelenski bildirib ki, Rusiya bütün atəşkəs təkliflərini rədd edir və bu səbəbdən hazırda diplomatik proseslər dərin böhran içindədir.

Zelenski çıxışının sonunda Ukraynanın davamlı inkişafı üçün G7 ölkələrinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb:

"Dayanıqlılığımız və ölkəmizin irəliləməsi üçün Ukraynaya hər il 40 milyard dollar büdcə dəstəyi göstərmək vacibdir. Bu, ABŞ da daxil olmaqla G7 liderlərinin birgə qərarı olmalıdır."


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az