Çin Xarici İşlər Nazirliyi, İsrailin hücumları və İranın cavab tədbirləri nəticəsində bölgədə artan gərginlik fonunda İrandan 3125, İsraildən isə 500-dən çox vətəndaşını təxliyə etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Quo Ciakun bu barədə Pekində keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Çinin Tehrandakı səfirliyi və İranda fəaliyyət göstərən konsulluqları bölgədəki qonşu ölkələrin yardımı ilə Çin vətəndaşlarını təhlükəsiz zonalara köçürüb.
Quo qeyd edib ki, təxliyə olunanlar arasında 10 aylıq körpə, 70 yaşlı kişi, həmçinin Honq Konq və Tayvan sakinləri də var. Onun sözlərinə görə, indiyədək 3125 Çin vətəndaşı İrandan, 500-dən çoxu isə İsraildən təhlükəsiz şəkildə təxliyə edilib.
Sözçü bildirib ki, Çinin İsraildəki səfirliyi eyni zamanda İngiltərə, Hindistan və Polşa vətəndaşlarının da təxliyyəsinə yardım göstərib.
Çin rəsmisi xüsusilə Türkiyə, İran, Azərbaycan, Türkmənistan, Ermənistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Misir və İordaniyaya göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Çin səfirlikləri Tehranda və Təl-Əvivdəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı yayaraq, bölgəni tərk etməyi tövsiyə edib.