İran iyunun 13-dən etibarən İsrail tərəfindən həyata keçirilən hava hücumları zamanı ümumilikdə 130-dan çox pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Manset.az xəbər verir ki, bu barədə İranın Hava Hücumundan Müdafiə Sistemləri Təşkilatı “Entekhab” xəbər saytına yazılı açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, iyunun 13-dən bu gün səhər saat 07:00-a qədər ölkənin müxtəlif bölgələrində düşmənə məxsus 130-dan artıq PUA məhv edilib.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək komandanlıq heyətinə qarşı genişmiqyaslı hücumlara başlayıb.
Hücumlar nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir sıra yüksək rütbəli komandirlər və 9 nüvə alimi həyatını itirib.
İranın Səhiyyə Nazirliyinin iyunun 21-də yaydığı məlumata əsasən, İsrailin hücumları nəticəsində ümumilikdə 430 mülki şəxs həlak olub, 3500-dən çox insan yaralanıb.
Digər tərəfdən, İsrail baş nazirinin dəftərxanası İran ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı 24 nəfərin öldüyünü, 1272 nəfərin isə yaralandığını açıqlayıb.