Çinin Yunnan Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün potensial təhlükə yarada biləcək iki yeni virus aşkarlayıblar. Aşkar edilən virusların Nipah və Hendra virusları ilə genetik yaxınlığı olduğu bildirilib.
Manset.az xəbər verir ki, araşdırmanın nəticələri "PLOS Pathogens" elmi jurnalında dərc olunub.
Məlumata görə, dörd il ərzində aparılan araşdırma çərçivəsində alimlər Yunnan əyalətinin beş rayonunda toplanmış on müxtəlif növə aid 142 yarasanın böyrək toxumalarını tədqiq ediblər. Yüksək məhsuldarlıqlı DNT sıralama metodlarından istifadə edilərək ümumilikdə 22 virus aşkarlanıb ki, onlardan 20-si elmə ilk dəfə məlum olub.
Ən ciddi narahatlıq doğuran kəşflər isə Henipavirus cinsinə aid iki yeni virusdur. Bu virusların insanlar üçün təhlükəli olan və yüksək ölüm göstəriciləri ilə tanınan Nipah və Hendra viruslarına genetik cəhətdən çox yaxın olduğu bildirilib.