Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda keçirilən toy mərasimi zamanı qonaqlara verilən tortdan yeyən 60 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qonaqlar toydan evlərinə qayıtdıqdan sonra qarın ağrısı, mədə bulantısı və qusma şikayətləri ilə tibb müəssisəsinə müraciət ediblər.
Onlar müvafiq müalicədən sonra xəstəxanadan evə buraxılıblar.
Dəvətlilərin toyda təqdim edilən 10 qatlı tortdan zəhərləndiyi güman edilir.
Bildirilir ki, mərasimdə yemək verilməyib, sadəcə ənənəvi tort kəsimi həyata keçirilib. Bəy və gəlin tortdan rəmzi olaraq kiçik dilimlər yedikdən sonra, qalan dilimlər bütün qonaqlara paylanılıb.
Bəy və gəlinin tortdan zəhərlənmədiyi bildirilir.