ABŞ Prezidenti Donald Tramp media maqnatı Rupert Merdoku məhkəməyə verib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Florida ştatının Cənub Dairəsi üzrə məhkəmənin elektron məlumat bazasında sənəd yerləşdirilib.
Sənədə görə, Tramp Merdokdan reputasiyasına dəyən ziyana görə 10 milyard dollar təzminat tələb edir.
Belə ki, Merdoka aid olan "The Wall Street Journal"da Trampın yetkinlik yaşına çatmayanlara təcavüz etməkdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynə yazdığı məktub haqqında məqalə dərc olunub. Qəzet Trampın maliyyəçinin yubileyinə hədiyyə olaraq əllə çəkilmiş çılpaq qadın şəkli göndərdiyini yazıb. Ağ Ev rəhbəri isə bunu təkzib edir.
Tramp Merdoka qarşı iddiaya andlı iclasçılar məhkəməsində baxılmasını tələb edib.
Xatırladaq ki, bu ilin yanvarında baş tutan Donald Trampın andiçmə mərasimində media maqnatı Rupert Merdok da iştirak etmişdi.