Bakı Bulvarında sincablar yaşayır.
Bu barədə Manset.az-a Bakı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məlumat verib:
"Bir çoxumuzun şəhər mühitində görməyə alışmadığı sincabların Dənizkənarı Milli Parkda yaşadığını bilirdinizmi? Ürkək və olduqca sürətli olan bu balaca canlılar Bakı bulvarındakı müxtəlif ağaclar arasında özlərinə yuva salıblar.
Bakı bulvarında məskən salmış bu canlılar bir daha göstərir ki, Dənizkənarı Milli Park təkcə şəhər parkı deyil, təbii tarazlığın və biomüxtəlifliyin qorunduğu bir ekosistemdir.
Təbii ki, bu, həm də yerli sakinlər və turistlər üçün nadir və maraqlı bir mənzərədir.
Odur ki, dəniz kənarında gəzərkən diqqətli olun – bəlkə bu kiçik sakinlər sizin də rastınıza çıxdı"!