İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında bu gün iki püskürmə qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosunun rəsmiləri, vulkanın yerli vaxtla saat 05:24-də püskürdüyünü bildirib. Püskürmə zamanı vulkanın səpdiyi külün təxminən 600 metr yüksəkliyə qalxaraq şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilib.
Həmçinin, rəsmilər ilk püskürmədən sonra yerli vaxtla saat 10:08-də vulkanın növbəti partlayışını qeyd ediblər. Bu dəfə, vulkanik kül buludu yenə təxminən 600 metr hündürlüyə çatıb.
İndoneziya, "Sakit okean od halqası" və vulkanik qurşaq üzərində yerləşdiyi üçün burada 130-a yaxın aktiv vulkan mövcuddur.
Hazırda Semeru vulkanının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.