Harvard Tibb Məktəbindən tədqiqatçılar, litium elementinin Alzheimer xəstəliyi və beyin yaşlanması ilə mübarizədə rol oynaya biləcəyini qeyd ediblər. Litium, uzun müddət bipolyar pozğunluq və depressiya müalicəsində istifadə edilir, amma yeni araşdırma göstərir ki, bu metal təbii olaraq orqanizmdə çox az mövcud olub, hüceyrə funksiyalarında mühüm rol oynayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatda, litium siçanların pəhrizindən çıxarıldıqda beyinlərində iltihab, neyron zədələnməsi və Alzheimerə bənzər struktur dəyişiklikləri müşahidə edilib. Araşdırmaya rəhbərlik edən Brüs Yankner, bu məlumatların Alzheimerin əsas mexanizmlərini anlamağa kömək edə biləcəyini bildirib.
Alzheimer xəstələrində litium səviyyəsinin aşağı olduğu da təsdiqlənib. Alimlər, litiumla zəngin qidaların beyin sağlamlığına təsirinin ola biləcəyini qeyd ediblər. Lakin, litium əlavələrinin insanlar üçün təhlükəli ola biləcəyini bildirərək, bu sahədə klinik sınaqların başlanmasının vacib olduğunu vurğulayıblar.