Çində insanabənzər robotların müxtəlif idman, performans və tətbiq sahələrində yarışdığı, dünyanın ilk irimiqyaslı robototexnika yarışı olan World Humanoid Robot Games (WHRG) ölkənin paytaxtı Pekində başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pekin Yerli Xalq Hökuməti, Çin Media Qrupu, Ümumdünya Robototexnika Əməkdaşlıq Təşkilatı və RoboCup Asia-Pacific ilə birgə təşkil edilən tədbirdə robototexnika şirkətləri, universitetlər, tədqiqat institutları, robototexnika klubları və həvəskarlar öz yaratdıqları insanabənzər robotlarla iştirak ediblər.
İnsanabənzər robot texnologiyasındakı irəliləyişləri praktik tətbiqlər vasitəsilə nümayiş etdirmək məqsədi daşıyan tədbirdə atletika, gimnastika, futbol və boks kimi idman növlərində yarışan robotlar nümayiş etdirilib.
Avqustun 17-də başa çatacaq oyunların ilk günündə 400 metr və 1500 metr məsafələrə qaçış, 3-ə 3 və 5-ə 5 futbol yarışları, boks yarışları keçirilib.