Avstraliyanın Melburn şəhərində Viktoriya Ali Məhkəməsində maraqlı və mübahisəli bir hadisə yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Kralın müşaviri” titullu tanınmış müdafiəçi vəkil Rishi Nathwani qətl ittihamı ilə mühakimə olunan yeniyetmənin işi üzrə təqdimatlarında süni intellekt tərəfindən hazırlanmış saxta çıxarışlar və mövcud olmayan məhkəmə qərarlarından istifadə etdiyinə görə üzr istəməyə məcbur olub.
Məhkəmə sənədlərinə görə, saxta materiallara ştatın qanunverici orqanında edilmiş nitqdən uydurma sitatlar və guya Ali Məhkəmədən götürülmüş, əslində isə mövcud olmayan iş istinadları daxil idi. Səhvlər hakimin köməkçiləri tərəfindən aşkarlanıb və müdafiə tərəfinə təqdimatlardan bu hissələrin çıxarılması tapşırılıb. Nathwani məhkəmə zalında “baş verənlərdən çox kədərləndiyini və utandığını” bildirib, məsuliyyəti tam üzərinə götürüb. Müdafiəçilər ilkin sitatların bir qismini yoxladıqlarını, digərlərinin isə doğru olduğunu güman etdiklərini izah ediblər.
Süni intellektin yaratdığı bu səhvlər işin yekun qərarının 24 saat gecikməsinə səbəb olub. Hakim Ceyms Elliott, təqdimatların dəqiqliyinin vacibliyini vurğulayaraq, təsdiqlənməmiş süni intellekt materiallarının qəbuledilməz olduğunu xatırladıb. O həmçinin qeyd edib ki, Ali Məhkəmə ötən il vəkillərə süni intellektdən istifadəyə dair göstərişlər verib.
Nəticədə, məhkəmə yetkinlik yaşına çatmadığı üçün kimliyi açıqlanmayan yeniyetməni dəlilik səbəbindən qətl törətməkdə günahsız elan edib. Hadisə, hüquqi proseslərdə süni intellektin nəzarətsiz istifadəsinin risklərini bir daha gündəmə gətirib.