Ağ Evin mətbuat katibi Karolin Leavitt, ABŞ prezidentinin gündəmindəki əsas məsələləri müzakirə edərək, mətbuat konfransında vacib açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Leavittin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş, müharibənin dayandırılması və sülhün bərpası üçün böyük bir addım olub.
Leavitt görüşün çox məhsuldar keçdiyini və iki liderin bir çox vacib məsələlərdə razılığa gəldiklərini vurğulayıb. O qeyd edib ki, Putin sülh prosesinin növbəti mərhələsinə başlamağa razı olub və prezident Tramp, Zelenski ilə üçtərəfli görüşün keçirilməsi istiqamətində işlər aparır.
“Putin və Zelenski arasında ikitərəfli görüşün keçirilməsi üçün bütün imkanlar yaradılır. Prezident Tramp hər iki liderlə danışıqları davam etdirir,” - deyə Leavitt bildirib.
O həmçinin qeyd edib ki, ABŞ qoşunları Ukraynada yerləşməyəcək, lakin təhlükəsizlik zəmanətləri və koordinasiya məsələlərində Avropa müttəfiqləri ilə əməkdaşlıq ediləcək.