Avropa Birliyi (AB) ölkələrində Tesla markalı avtomobillərin satışında kəskin azalma qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Məlumata görə, iyul ayında Tesla-nın AB-dəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz azalaraq 11.465-dən 6.600 ədədə düşüb.
Məlumata əsasən, markanın iyul ayında ümumi bazar payı da 1,3 faizdən 0,7 faizə enib.
AB ölkələrində bu ilin yanvar-iyul ayları üzrə Tesla satışları 77.446 ədəd təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azalma deməkdir. Müvafiq dövrdə şirkətin bazar payı da 2,1 faizdən 1,2 faizə geriləyib.
Tesla-nın Avropa İttifaqına üzv ölkələrlə yanaşı, Avropa Azad Ticarət Assosiasiyasına üzv olan İsveçrə, Norveç, İslandiya və eləcə də Böyük Britaniyadakı satışları da azalıb. Belə ki, iyul ayında bu bazarlarda satışlar 40,2 faiz azalaraq 8.837 ədədə, yanvar-iyul dövründə isə 33,6 faiz geriləyərək 119.013 ədədə düşüb.
Müşahidəçilər Tesla-nın Avropada satışlarının azalmasını şirkətin rəhbəri İlon Maskın son dövrlərdəki mübahisəli çıxışları, ABŞ-ın keçmiş prezidenti Donald Trampla əməkdaşlığı və Avropadakı ifrat sağçı siyasətçilərə verdiyi açıq dəstəklə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, bu faktorlar Avropalı alıcıların Tesla-ya olan münasibətini mənfi istiqamətdə dəyişib.