WhatsApp Android üçün 2.25.24.22 beta yeniləməsi ilə yeni “istifadəçi adı” funksiyasını sınaqdan keçirməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu yenilik istifadəçilərə telefon nömrəsini paylaşmadan əlaqə saxlamağa imkan verir.
İstifadəçi adı vasitəsilə istənilən şəxsi axtarıb, onunla yazışmaq, zəng etmək və media paylaşmaq mümkün olacaq. Bütün mesajlar əvvəlki kimi uçdan-uca şifrələmə ilə qorunacaq.
İstifadəçi adları unikal, müəyyən uzunluğa malik olmalı və format qaydalarına uyğun seçilməlidir. Yeni sistem qlobal axtarışa imkan verir – istifadəçi siyahısında olmayan şəxslərlə belə əlaqə yaratmaq olar.
Funksiya istəyə bağlıdır, yəni istəyənlər nömrə ilə istifadəni davam etdirə bilərlər. WhatsApp eyni zamanda spam və sui-istifadəyə qarşı əlavə təhlükəsizlik tədbirləri görəcək.
Yeni funksiyanın nə vaxt bütün istifadəçilər üçün aktivləşəcəyi hələlik bilinmir.