Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərbdə dondurulmuş və Ukraynaya ötürülən rus aktivlərinin geri qaytarılması yalnız “natura” şəklində – torpaq, daşınmaz əmlak və digər mülklər vasitəsilə mümkündür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Londonda dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1,3 milyard dollar gəlirin Kiyevə köçürülməsinə münasibət bildirərək qeyd edib ki, hüquqi prosedurların nəticə verməsi ehtimalı azdır: “Yeganə real yol qiymətlilərin fiziki qaytarılmasıdır – yəni Ukrayna torpaqları, daşınmaz və daşınar əmlak”.
Medvedev əlavə edib ki, onun açıqlamaları artıq Rusiyaya məxsus hesab edilən Donbass və Novorossiya ərazilərinə aid deyil.
O, həmçinin Britaniyanı Rusiya vəsaitlərini “neonasistlərə” verməkdə ittiham edib və bunu “oğurluq aktı” kimi qiymətləndirib. Medvedevin sözlərinə görə, bu vəziyyət Rusiyaya həm Britaniyadan, həm də hazırkı Ukrayna hökumətindən təzminat tələb etmək üçün hüquqi əsas yaradır.
Xatırladaq ki, Böyük Britaniya hökuməti sanksiyalara görə dondurulmuş Rusiya aktivlərinin istifadəsindən əldə edilən gəlirdən 1,3 milyard dolların Ukraynaya köçürüldüyünü açıqlayıb. Bundan başqa, London atəşkəs şərti ilə Kiyevə kontingent göndərmək imkanını da nəzərdən keçirir.