Azərbaycandan Türkiyəyə doğru yola düşən və Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə aid C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı ehtiyyatda olan polkovnik-pilot İlker Tuncay, qəzanın səbəbi ilə bağlı üç texniki ehtimalı açıqlayıb.
Manset.az-ın "Yeni Gazete"yə istinadən məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi, Azərbaycan'dan Türkiyəyə doğru hərəkət edən və içində 20 nəfər hərbi personal olan C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını açıqlayıb. Nazirlik, qəzada 20 hərbçinin şəhid olduğunu bildirərək, hadisənin təfərrüatlarını açıqlayıb.
Ehtiyyatda olan polkovnik-pilot İlker Tuncay, qəza ilə bağlı açıqlama verərkən, "İlk olaraq, çox çətinliklə yetişdirilən şəhid əsgərimizə Allahdan rəhmət, ailələrinə və Türk xalqına başsağlığı diləyirəm. Normalda bu təyyarələr çox güclü və davamlıdır, Türkiyə Silahlı Qüvvələri uzun illərdir bu modelləri təhlükəsiz şəkildə istifadə edir," - deyib.
Üç ehtimal üzərində dayanılır
İlker Tuncay, təyyarənin qəzaya uğramasının səbəbi ilə bağlı üç mümkün ehtimalı belə sıralayıb:
Birinci ehtimal: Təyyarənin daşıdığı ağırlıq səbəbilə struktural bir qırılma meydana gələ bilərdi.
İkinci ehtimal: Nadir olsa da, uçuş zamanı baş verən ani depressiya və ya hava boşluğuna düşmə təyyarəni rezonansa salaraq bəzi hissələrinin ayrılmasına səbəb olması mümkündür.
Üçüncü ehtimal: Sərhəd bölgələrində yerləşən avtomatik hava müdafiə sistemlərinin, tanınmayan bir təyyarəyə yanlışlıqla atəş açması ehtimalı var.
Tuncay, qəzanın dəqiq səbəbinin müəyyən edilməsi üçün texniki araşdırmaların aparılmasının vacib olduğunu qeyd edib:
"Müdafiə Nazirliyimizdən gələcək rəsmi açıqlamaları gözləməliyik. Təyyarənin iki qara qutusu var. Bu qara qutular tapılmadan dəqiq bir nəticə çıxarmaq doğru olmaz. Buna görə də, araşdırma nəticələrini və müvafiq orqanların qiymətləndirmələrini gözləməliyik".