Yaponiyada "insan yuma maşını" adlandırılan cihazın satışa təqdim edildiyi bildirilib. Cihaza böyük maraq göstərilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, çamaşır maşını prinsipi ilə işləyən bu məhsul, istifadəçinin kapsula uzanması ilə yuma prosesini başlatır. İstifadəçi yalnız musiqi seçir. Satışı həyata keçirən şirkət nümayəndələri, bu cihazın yalnız bədəni deyil, həm də ruhu təmizləmək məqsədi güddüklərini qeyd ediblər. Cihaz yuma prosesi zamanı istifadəçinin ürək döyüntülərini və həyat əlamətlərini qeyd edir.
Maşın əvvəlcə yalnız prototip olaraq hazırlanıb. ABŞ-dan bir istirahət şirkəti prototipin ticarətə çıxarılmasının mümkünlüyünü öyrənmək üçün əlaqə qurduqdan sonra, şirkət bu məhsulu istehsal etməyə qərar verib.
Şirkət, məhsuldan 50 ədəd istehsal etməyi planlaşdırır və məhsulun nadirliyi onu xüsusi edən amil olaraq göstərilir. Yerli mətbuatda, bu cihazın pərakəndə satış qiymətinin 385 min ABŞ dolları olacağı bildirilir.