Almaniyada kimliyi məlum olmayan oğrular, Alman ordusu üçün istehsal edilmiş təxminən 20 min döyüş sursatını, istirahət üçün dayanmış nəqliyyat vasitəsindən oğurlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada təhlükəsizlik qüvvələrini narahat edən bir oğurluq hadisəsi baş verib. Alman mətbuatında yer alan xəbərlərə görə, 25 noyabr gecəsi mülki bir daşınma şirkəti tərəfindən daşınan təxminən 20 min döyüş sursatı, ölkənin şimalındakı Magdeburq şəhəri yaxınlığındakı Burg rayonunda, sürücünün istirahət etdiyi vaxtda kimliyi bilinməyən oğrular tərəfindən oğurlanıb.
Almaniya Müdafiə Nazirliyi tərəfindən də təsdiq olunan oğurluq, sürücünün yük maşınını otelin önündə park etməsi ilə baş verib.
Oğurluq hadisəsi növbəti gün daşınma şirkətinin mühimmatın təhvil verildiyi hərbi hissədə aparılan sayım zamanı aşkar edilib. Sayım zamanı 10 mininin real, qalanlarının isə təlim sursatı olduğu təxminən 20 min mühimmatın əksik olduğu müəyyən edilib.