Kolumbiyanın şimalındakı Sukre departamentinin Tolu şəhərində keçirilən məzuniyyət tədbirində iştirak edən tələbələri daşıyan məktəb avtobusunun uçurumdan aşması nəticəsində 17 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Antioquia departamentinin Medellin şəhərində yerləşən Antiokeno Liseyinin şagirdləri məzuniyyətlərini qeyd etmək üçün Sukre departamentinin Tolu şəhərində təşkil olunan tədbirə qatılıblar. Tədbirdən sonra tələbələr Medellinə qayıtmaq üçün yola düşüblər. Lakin onları daşıyan məktəb avtobusu səfər zamanı Remedios şəhəri yaxınlığında uçurumdan aşıb.
Antioquia departamentinin qubernatoru Andres Julian sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, faciəli hadisə nəticəsində 1 avtobus sürücüsü və 16 şagird həyatını itirib, 20 nəfər isə yaralanıb. O qeyd edib ki, həlak olanların cəsədləri helikopter vasitəsilə Medellində yerləşən Məhkəmə-Tibb İnstitutuna çatdırılıb və hadisə ilə bağlı Medellin yaxınlığındakı Bello şəhərinin meri Lorena Qonzales ilə sıx əməkdaşlıq aparılır.
Bello şəhərində isə qəza nəticəsində həyatını itirənlərin və yaralananların xatirəsinə birlik və həmrəylik rəmzi olaraq şam işığında anım mərasimi təşkil edilib.