Warner Bros-un Direktorlar Şurası səhmdarlara Paramount–Skydance tərəfindən irəli sürülən satınalma təklifini rədd edərək Netflix-in təklifini qəbul etməyi tövsiyə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət tərəfindən çərşənbə günü səhər saatlarında yayımlanan açıqlamada qərarın yekdilliklə qəbul edildiyi bildirilib.
Məlumata görə, Warner Bros Paramount-un 108,4 milyard ABŞ dolları məbləğindəki satınalma təklifini rədd etməyə hazırlaşır. Şirkət rəhbərliyi Netflix-in 82 milyard dollarlıq təklifinin strateji baxımdan daha əlverişli olduğunu əsas gətirərək səhmdarlardan Paramount-un təklifinə “xeyr” demələrini istəyib.
Direktorlar Şurası açıqlamasında qeyd edib ki, Paramount-un son dövrlərdə başlatdığı satınalma təşəbbüsü ətraflı şəkildə qiymətləndirilib, lakin aparılan təhlillər nəticəsində bu təklifin səhmdarlar üçün yetərli dəyər yaratmadığı qənaətinə gəlinib.