İsveçrə ABŞ-dan F-35 tipli döyüş təyyarələri almağa və yeni “təhlükəsizlik siyasəti strategiyası” hazırlamağa hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin müdafiə naziri Martin Pfisterin açıqlamaları tarix boyu neytrallığı ilə tanınan bu ölkənin də mümkün genişmiqyaslı müharibə riskinə qarşı hazırlıq görməyə başladığını göstərir.
Rusiya–Ukrayna müharibəsi fonunda Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda NATO-ya üzv dövlətləri yeni silah növlərini yerləşdirməkdə və hücum potensialını gücləndirməkdə ittiham etmişdi.
Moskva ilə NATO arasında getdikcə daha qabarıq şəkildə hiss olunan gərginlik və mümkün toqquşma riski fonunda bəzi ölkələr hazırlıq tədbirlərini sürətləndirərək silahlanmaya yönəlir. İsveçrə də bu ölkələr sırasında yer alıb. Ölkə ABŞ-dan F-35 döyüş təyyarələri almağa, həmçinin yeni təhlükəsizlik siyasəti strategiyası formalaşdırmağa hazırlaşır.
Pfisterin sözlərinə görə, Federal Şura Federal Müdafiə Nazirliyinə 2026-cı ilin yanvar ayının sonunadək İsveçrənin təhlükəsizlik və müdafiə imkanlarının gücləndirilməsinə dair növbəti addımlar üçün əsas istinad çərçivəsini təqdim etmək, eləcə də 2026–2027-ci illər üzrə prioritetləri müəyyənləşdirmək tapşırığı verib.
Mövcud geosiyasi ssenarilərə uyğun olaraq İsveçrə quru və hava hücumundan müdafiə sistemlərini yeniləməyi və inkişaf etdirməyi planlaşdırır. Bu çərçivədə “Patriot” və “IRIS-T SLM” sistemlərinin alınması gündəmdədir. Bundan əlavə, ölkənin hərbi hava donanmasının genişləndirilməsi də nəzərdə tutulur.