İsveçin paytaxtı Stokholmda yerləşən Stokholm Məscidi İslam əleyhinə və irqçi bir hücuma məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məscidin yaxınlığındakı pilləkənlərin dəmir dəstəklərinə, üzərində 6 güllə dəliyi olan Qurani-Kərim zəncirlənib. Hücuma qarşı reaksiyalar sərt olub.
Qurani-Kərimin üzərinə ərəb və İsveç dillərində “Ziyarət üçün təşəkkürlər, amma artıq evə qayıtma vaxtıdır” - yazılıb. Məscid rəhbərliyi hücumu qətiyyətlə pisləyib və İsveç hökumətindən müsəlmanların təhlükəsizliyi ilə bağlı daha təsirli tədbirlər görülməsini tələb edib.
Hadisənin ardından İsveç polisi məscid ətrafında araşdırma aparmağa başlayıb. Zəncirlənmiş Qurani-Kərim sübut kimi götürülüb.
Müsəlmanları birbaşa hədəf alan bu hücum, İsveçdə son dövrlərdə artan nifrət cinayətlərinin son nümunəsi olaraq qeydə alınıb.