2022-ci ildən bəri frontal-temporal demensiya ilə mübarizə aparan Hollivud aktyoru Bruce Willis haqqında verilən qərar pərəstişkarlarını şok edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hollivudun unudulmaz simalarından olan Bruce Willis bir müddətdir ictimaiyyətdən uzaq bir həyat sürür. Aktyorun çəkiliş meydanlarından ayrılmasına səbəb olan sağlamlıq problemləri illər ərzində pərəstişkarları tərəfindən yaxından izlənilən bir prosesə çevrilib.
Willisin ailəsi əvvəlki açıqlamalarında aktyorun ünsiyyət bacarıqlarını təsir edən afazi diaqnozu aldığını və bu səbəblə peşəsini tərk etmək məcburiyyətində qaldığını bildirmişdi. Xəstəliyin irəliləyən mərhələlərində vəziyyət pisləşib və Willisə frontal-temporal demensiya diaqnozu qoyulub.
Ailəyə yaxın mənbələrdən verilən məlumatlarda usta aktyorun gündəlik həyatında ciddi çətinliklər yaşadığı, danışma və oxuma qabiliyyətlərinin əhəmiyyətli dərəcədə zədələndiyi qeyd edilib. Onun qızı Tallulah Willis də açıqlamasında, atasının sağlamlıq vəziyyətinin geri dönüşü olmayan bir mərhələyə gəldiyini söyləyib.
Son olaraq Willis ailəsindən gələn bir açıqlama ictimaiyyətdə böyük bir reaksiya doğurdu. Ailə Bruce Willisin həyatdan getdikdən sonra beyninin tibbi araşdırmalara bağışlanacağını açıqlayıb.
Xəbərə görə, aktyorun həyat yoldaşı Emma Heming Willis, bu qərarın elm dünyasına töhfə vermək və eyni xəstəliklə mübarizə aparan ailələrə ümid ola bilmək məqsədilə alındığını bildirib.