Tayland ilə Kamboca arasında davam edən sərhəd gərginliyini sona çatdırmaq məqsədilə Cənub-Şərqi Asiya Xalqları Birliyi (ASEAN) tərəfindən təşkil edilən görüşün ardından tərəflər atəşkəs barədə razılaşa bilməyiblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tərəflərin 24 dekabrda yenidən görüşmək üçün Ümumi Sərhəd Komitəsi (GBC) çərçivəsində bir araya gəlməsi gözlənilir. Tayland mərkəzli "The Nation" qəzetinin məlumatına görə, Tayland Xarici İşlər Naziri Sihasak Phuangketkeow, Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən ASEAN Xarici İşlər Nazirləri toplantısının ardından açıqlama verib.
Sihasak iki saatlıq görüşün Tayland ilə Kamboca arasında atəşkəs barədə heç bir razılaşma olmadan sona çatdığını bildirib.
Tayland atəşkəsə nail olmaq üçün Kambocanın üç əsas şərti qəbul etməli olduğunu vurğulayıb.
Bu şərtlərdən birincisi, Kambocanın ilk hücumu həyata keçirən tərəf olduğunu qəbul edərək ilk atəşkəsi elan etməsi, atəşkəsin həqiqi və daimi xarakter daşıması və Kambocanın, xüsusilə, minaların təmizlənməsi mövzusunda Tayland ilə əməkdaşlıq etməsi tələb olunur.
Sihasak görüşə ev sahibliyi edən Malayziya hökumətinə təşəkkürünü bildirib.