Türkiyənin Zonquldak şəhərində barəsində aparılan məhkəmə araşdırması nəticəsində verilmiş 13 aylıq azadlıqdan məhrumetmə hökmü qüvvəyə mindikdən sonra polis əməkdaşlarının onu cəzaçəkmə müəssisəsinə təhvil vermək üçün iş yerinə gəldiyi 65 yaşlı S.C. özünü pis hiss edərək huşunu itirib. Xəstəxanaya aparılaraq müalicəsi başa çatdırılan S.C. daha sonra saxlanılaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Manset.az xarici mediaya xəbər verir ki, hadisə dünən şəhər mərkəzində yerləşən bir ticarət binasında baş verib. Məlumata görə, iki il əvvəl iştirak etdiyi dava zamanı B.A.-ı dəyənəklə yaralamaqda ittiham olunan sahibkar S.C. barəsində cinayət işi açılıb və məhkəmə onu 13 ay müddətinə azadlıqdan məhrum edib. Yuxarı instansiya məhkəmələri verilən şikayətləri araşdıraraq hökmü qüvvədə saxlayıb.
Bundan sonra polis əməkdaşları S.C.-ni cəzaçəkmə müəssisəsinə təhvil vermək məqsədilə onun mağazasına gəliblər. Polis əməkdaşları ilə söhbətdən sonra S.C. gedərkən “bir əşyamı unutmuşam” deyərək yenidən mağazaya qayıdıb. Bu zaman onun halı qəfil pisləşib və yerə yıxılıb. Polis əməkdaşlarının verdiyi məlumat əsasında mağazaya təcili tibbi yardım briqadası cəlb olunub.
Qan təzyiqinin yüksəldiyi müəyyən edilən S.C. xərəkdə təcili tibbi yardım avtomobilinə yerləşdirilərək Atatürk Dövlət Xəstəxanasına çatdırılıb. Tibbi müdaxilə başa çatdıqdan sonra o, saxlanılaraq cəzaçəkmə müəssisəsinə göndərilib.