"TikTok"un yalnız tətbiq daxilindəki fəaliyyətləri deyil, həm də internet məkanında digər platformalardakı hərəkətləri izlədiyi üzə çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, risk təkcə "TikTok" istifadəçiləri ilə məhdudlaşmır. "Google", "X" və digər platformalarda da oxşar vəziyyət mövcuddur. Maraqlıdır ki, bu izləmə mexanizmi həmin tətbiqlərdən heç vaxt istifadə etməmiş şəxsləri belə əhatə edə bilir.
"TikTok"un məlumat toplama sistemi internet səhifələrinə yerləşdirilən “piksel” adlanan izləmə aləti vasitəsilə işləyir. Görünməyən kod hissəcikləri istifadəçilərin daxil olduqları saytlar üzərindəki davranışlarını qeydə ala bilir.
Aparılan araşdırmalara əsasən, bəzi internet səhifələri xərçəng diaqnozu, sonsuzluq testləri və psixi sağlamlıq böhranları kimi son dərəcə həssas məlumatları "TikTok"a ötürüb.
BBC tərəfindən yayımlanan xəbərə görə, nümunələrdən birində xərçənglə bağlı dəstək qrupuna məxsus internet səhifəsində forma doldurularkən “mən xərçəng xəstəsiyəm” və ya “xərçəngi geridə qoymuşam” seçimlərindən biri işarələndikdə elektron poçt ünvanının da TikTok-a göndərildiyi müəyyən edilib.
Eyni qaydada, qadın sağlamlığı ilə bağlı saytda sonsuzluq testlərinə baxıldıqda və psixi sağlamlıq platformasında böhran üzrə məsləhətçi axtarıldıqda da məlumatların "TikTok"a ötürüldüyü aşkar olunub.