Dağıstanda genişmiqyaslı daşqınlarla əlaqədar regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Prezident Vladimir Putinə məruzə edib.
"Yaranmış vəziyyət regional xarakterli fövqəladə vəziyyətə aid edilib", - o bildirib.
Qeyd olunub ki, yaxın vaxtlarda mübarizə səviyyəsi federal səviyyəyə qədər qaldırılacaq. Kurenkov qeyd edib ki, Dağıstanın 10 yaşayış məntəqəsində 2 mindən çox ev hələ də su altında qalmaqdadır.
Region rəhbəri Sergey Melikovun sözlərinə görə, genişmiqyaslı daşqınlar səbəbindən respublikanın 1,5 milyona qədər sakini fövqəladə vəziyyət zonasına düşüb.
"Ümumilikdə, 11 bələdiyyə qurumu nəzərə alınmaqla respublikanın 1,5 milyona qədər sakini fövqəladə vəziyyət zonasına düşüb. Bununla yanaşı, 1300-ü uşaq olmaqla 6229 nəfər təxliyə edilib", - o bildirib.