Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş fəaliyyətinin aktivləşdirilməsi üçün addımlar atmayacaq.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim etdiyi videomüraciətində deyib.
“Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda təsbit olunub”, - o bildirib.
O, ölkəsinin BMT, Avropa Şurası, ATƏT, MDB, Beynəlxalq Frankofoniya Təşkilatı və Avropa Siyasi Birliyinin fəal üzvü olaraq qalmağa davam edəcəyini söyləyib: “Ermənistan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına üzvü olub və bu formatda öz fəaliyyətini davam etdirəcək. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlükdə maraqlıyıq”.