"WhatsApp" istifadəçi təhlükəsizliyini artırmaq məqsədilə “Scam Alert” (Fırıldaqçılıq Xəbərdarlığı) adlı yeni funksiya üzərində işləyir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni sistem telefonun kontakt siyahısında olmayan şəxslərdən gələn şübhəli mesajları cihaz daxilində təhlil edərək istifadəçini potensial risk barədə xəbərdar edəcək.
Şirkət bildirir ki, mesajların məzmunu serverlərə göndərilməyəcək və bütün yoxlamalar birbaşa telefonda həyata keçiriləcək.
Şübhəli mesaj aşkar edildikdə istifadəçiyə xəbərdarlıq göstəriləcək və ona göndərəni bloklamaq, şikayət etmək və ya söhbəti davam etdirmək seçimi təqdim olunacaq.
Funksiya standart olaraq deaktiv olacaq və istifadəçilər onu istədikləri halda aktivləşdirə biləcəklər. Hazırda yenilik hələ inkişaf mərhələsindədir və beta istifadəçiləri üçün də əlçatan deyil. Buraxılış tarixinin isə yaxın yeniləmələrdə açıqlanacağı gözlənilir.