İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranın infrastruktur obyektlərinə zərbə endirilə biləcəyi ilə bağlı bəyanatına cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pezeşkianın ABŞ mənşəli X sosial şəbəkəsindəki hesabında paylaşdığı açıqlamasına görə, həyati əhəmiyyət daşıyan infrastruktur obyektləri xalqın yaşam mənbəyidir və onların hədəfə alınması ilə bağlı təhdidlər güc nümayişi deyil.
“Hayati infrastruktur obyektləri xalqın həyat damarlarıdır. Onları hədəfə almaqla bağlı təhdid güc nümayişi deyil, bir xalqın iradəsi qarşısında acizliyin göstəricisidir”, – deyə İran Prezidenti vurğulayıb.
Pezeşkian qeyd edib ki, İran istənilən təzyiq və təhdidlərə baxmayaraq möhkəm dayanmağa davam edəcək və ölkənin iradəsini sarsıtmaq mümkün olmayacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-yə məxsus helikopterin vurulmasından sonra İranı hədəf alacaqlarını və buna haqlarının çatdığını iddia etmişdi.
“Dünən onlara ciddi zərbə endirdik, bu gün də yenidən ağır zərbə vuracağıq”, – deyə Tramp bildirmişdi.