SEPAH ABŞ komandanlıq mərkəzinə 12 ballistik raketlə zərbə endirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran ABŞ-nin son hücumlarına qarşı növbəti cavab əməliyyatını həyata keçirdiyini bəyan edib. SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ hücumlarını cəzalandırmaq məqsədi daşıyan əməliyyat çərçivəsində İordaniyada yerləşən Əl-Əzraq Hərbi Hava Bazası və burada fəaliyyət göstərən ABŞ komandanlıq mərkəzi hədəfə alınıb.
Açıqlamada hücum zamanı bazadakı çoxsaylı obyektlərin və hava vasitələrinin məhv edildiyi iddia olunub.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti İordaniyada yaşayan ABŞ vətəndaşlarına raket və pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlığı edib.
Qurumun açıqlamasında vətəndaşlara müraciətlə deyilib:
“Dərhal təhlükəsiz və mühafizə olunan yerlərə sığının. Qapalı məkanlarda qalmağa davam edin və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarını diqqətlə izləyin”.
Hadisə ilə bağlı müstəqil mənbələr tərəfindən hələlik itkilər və ya dağıntıların miqyası barədə rəsmi təsdiq verilməyib. İranın açıqladığı məlumatların doğruluğu da müstəqil şəkildə təsdiqlənməyib.