Antalya Belek Üniversitesi Sosial Xidmətlər Proqramında birlikdə təhsil alan ata və oğul universiteti birlikdə uğurla başa vuraraq məzun oldular. Eyni partanı paylaşan bu iki məzun məzuniyyət komitəsi tərəfindən səhnəyə dəvət olunaraq diplomlarını yanaşı şəkildə aldılar.
Manset.az-ın məlumatına görə, diplomlarını aldıqdan sonra böyük sevinc yaşayan Aydın Atalan və oğlu Mustafa Tuna Atalan digər məzunlarla birlikdə kepkalarını coşqu ilə havaya atdılar. 45 yaşında universitet təhsilini başa vuran Aydın Atalan təhsil almağın və özünü inkişaf etdirməyin heç vaxt yaşla məhdudlaşmadığını bir daha sübut etdi.
Atasının ən böyük dəstəkçisi və parta yoldaşı olan Mustafa Tuna Atalan isə yalnız akademik nailiyyətləri ilə deyil, idman sahəsindəki uğurları ilə də diqqət çəkir. Universitetdə aktiv şəkildə voleybol oynayan gənc idmançı meydançadakı uğurlu çıxışı və yüksək oyun intizamı ilə müəllimlərinin rəğbətini qazanıb.
Məzuniyyət mərasimində təbrikləri qəbul edən ata və oğul təhsil həyatlarının bu unudulmaz anını ailələri, universitet yoldaşları ilə birlikdə qeyd etdilər.