İran tərəfindən yaradıldığı bildirilən “Basra Körfəzi Su Yolu İdarəsi” (PGSA) ABŞ ilə əldə olunan razılaşma və rəsmi göstərişlər çərçivəsində Hürmüz Boğazından keçidlə bağlı yeni qərar qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qurumun ABŞ mərkəzli “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, müraciət edən bütün gəmilərə 60 gün müddətində Hürmüz Boğazından keçid icazəsi veriləcək.
Açıqlamaya əsasən, müraciətlər yalnız “psga.ir” saytı və “[email protected]” elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Keçid istəyən gəmilərin bütün zəruri və düzgün məlumatları təqdim etməsi tələb olunur.
Qeyd olunub ki, gəmilərin boğaza çatmasından ən azı 48 saat əvvəl keçid müraciəti göndərilməsi vacibdir. Bu, gecikmələrin qarşısının alınması məqsədi daşıyır.
Razılaşma müddətində (60 gün) təhlükəsizlik və ekoloji xidmətlərlə bağlı heç bir ödəniş tutulmayacaq, bu xərclərin İran hökuməti tərəfindən qarşılanacağı bildirilib.
Açıqlamada həmçinin vurğulanıb ki, təhlükəsiz keçidin təmin olunması və mümkün dəniz qəzalarının qarşısının alınması üçün hər bir gəminin marşrutu və planlaşdırılan keçid vaxtı əvvəlcədən koordinasiya edilməlidir. Qaydalara əməl olunmaması halında məsuliyyətin gəmi sahiblərinə aid olacağı qeyd edilib.