Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mümkün sülh danışıqları barədə açıqlama verərək, Moskvanın 2022-ci ildə İstanbulda keçirilmiş danışıqlarda əldə olunan razılaşmalar əsasında sülh prosesini davam etdirməyə hazır olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə , Nazirlər Kabinetinin iclasında çıxış edən Putin qeyd edib ki, gələcək diplomatik təşəbbüslər təkcə İstanbul razılaşmalarına deyil, həm də döyüş meydanındakı mövcud vəziyyətə, 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi görüşdə müzakirə olunan şərtlərə və 2024-cü ilin iyununda səsləndirdiyi prinsiplərə əsaslanmalıdır.
Putin vurğulayıb ki, Rusiya Ukrayna ilə danışıqlara açıqdır və sülh prosesinin əsasını İstanbulda əldə edilmiş razılaşmalar, Ankoric görüşündə müzakirə olunan məsələlər və sahədəki real vəziyyət təşkil etməlidir.
Rusiya lideri əlavə edib ki, bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışı zamanı irəli sürdüyü prinsiplər də mümkün sülh danışıqlarının əsas elementləri sırasında yer alır.