ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə də davam edəcək ən yüksək səviyyəli nüvə yoxlamalarını qəbul etdiyini bildirərək bunun və Tehranın etdiyi digər mühüm güzəştlərin nəticəsində Hörmüz boğazının açıq qalmasına icazə verdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı bəyanatda İranla aparılan danışıqlar və əldə olunan razılaşma barədə danışıb. O, ABŞ mediasını tənqid edərək bəzi mətbuat orqanlarının saxta xəbərlər yaymaqla Vaşinqtonun əldə etdiyi uğurları kiçiltməyə çalışdığını iddia edib.
ABŞ lideri vurğulayıb ki, İran “nüvə şəffaflığını” təmin etmək məqsədilə ən sərt və əhatəli nüvə nəzarət mexanizmlərini tam şəkildə qəbul edib. Onun sözlərinə görə, Tehran bu şərtlərlə razılaşmasaydı, danışıqlar davam etməyəcəkdi.
Tramp əlavə edib ki, hazırda Hörmüz boğazında dəniz blokadasının tətbiq olunmasına ehtiyac görmür. Bununla belə, vəziyyətin dəyişəcəyi təqdirdə blokadanın yenidən tətbiq edilə bilməsi üçün ABŞ hərbi-dəniz qüvvələrinin bölgədə qalacağını bildirib.