Fransanın şimal-şərqində yerləşən Mört və Mozel departamentinin Tomblen kommunasında baş verən təyyarə qəzasına ilkin ehtimala görə texniki nasazlıq səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində departamentin prefekti İv Segi məlumat verib.
Onun sözlərinə görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Prefekt bildirib ki, təyyarə demək olar ki, şaquli vəziyyətdə yerə çırpılıb.
Telekanalın məlumatına görə, həlak olanlar arasında paraşütlə ilk dəfə tullanmağa hazırlaşan tibb işçilərinin də ola biləcəyi ehtimal edilir. İv Segi bu məlumatı təsdiqləməsə də, təyyarənin havaya qalxdığı Nansi-Esse aerodromunda həlak olanların yaxınlarının olduğunu bildirib.
Bundan əvvəl yerli hakimiyyət orqanlarına istinadən yayılan məlumata görə, təyyarə qəzası nəticəsində 11 nəfər həyatını itirib. Prokurorluq hadisə ilə bağlı aviaqəza üzrə rəsmi araşdırmaya başlanılmasını tələb edib.
16:42
Fransanın şimal-şərqində Almaniyada qeydiyyatda olan "Pilatus" təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə Myort və Mozel departamentinin administrasiyasına istinadən "Agence France-Presse" məlumat yayıb.
Həlak olanlar arasında beş təlimçi, beş həvəskar paraşütçü və pilot var.
Fransanın daxili işlər naziri Loran Nunyes hadisə yerinə gedib.