Livanın yüksək rütbəli rəsmisi ABŞ-ın vasitəçiliyi ilə əldə olunan İsrail-Livan razılaşmasını kəskin tənqid edib və bunun ölkə daxilində ciddi fikir ayrılıqlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az Reuters agentliyinə istinadən xəbər verir ki, İsrail və Hizbullah arasında baş verən müharibədən sonra Livanın cənubunun bir hissəsi İsrail ordusunun nəzarətində qalıb.
Məlumata görə, Livandakı vəziyyət ABŞ və İran arasında aparılan diplomatik təmasların əsas mövzularından biridir. İddia olunur ki, Tehran Vaşinqtonla əldə etdiyi müvəqqəti razılaşma çərçivəsində Livanda atəşkəsin qorunmasında israr edir. ABŞ isə Hizbullahın etirazlarına baxmayaraq, Livan və İsrail hökumətləri arasında ayrıca danışıqlara vasitəçilik edir.
İsrail hökuməti cümə günü Vaşinqtonda Livan və İsrail səfirləri tərəfindən imzalanan razılaşmanı müsbət qiymətləndirib. Baş nazir Benyamin Netanyahu isə Hizbullah silahı yerə qoymayacağı təqdirdə İsrail ordusunun Livanın cənubunda qalacağını bəyan edib.
Hizbullah isə Beyrut rəhbərliyini İsraillə birbaşa danışıqlardan imtina etməyə çağıraraq, sözügedən razılaşmanı qəbul etmədiyini və bunu İsrail qarşısında güzəşt kimi qiymətləndirdiyini bildirib.