1970-ci illərin məşhur Britaniya serialları "The Good Life" və "To the Manor Born" ilə tanınan aktrisa Dame Penelope Keyt 86 yaşında vəfat edib.
Manset.az -ın BBC-yə istinadən məlumatına görə, ailəsi adından yayılan açıqlamada bildirilib ki, aktrisa 50 ildən artıq yaşadığı Surreydəki evində xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Dame Penelope Keyt "The Good Life" serialında Marqo Lidbetter, "To the Manor Born" serialında isə dul aristokrat Odri fforbes-Hamilton obrazlarını canlandırıb. Bu rollar ona Böyük Britaniyada böyük şöhrət qazandırıb.
Televiziya aparıcısı və yazıçı Gyles Brandreth aktrisanın vəfatı ilə bağlı bildirib: "O, xüsusi bir xanım idi – möhtəşəm aktrisa, sadiq dost, həm gülərüz, həm də səxavətli insan idi."
Böyük Britaniyanın sabiq mədəniyyət katibi Ser Ceremi Hant da sosial şəbəkə hesabında paylaşım edərək, Dame Penelope Keytin vəfat xəbərindən dərin kədər hissi keçirdiyini bildirib.