ABŞ ilə İran arasında əldə olunan razılaşmadan sonra tərəflər arasında danışıqlar davam etdiyi bir vaxtda Hörmüz boğazında ticarət gəmilərinin hərəkətində nəzərəçarpacaq artım qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son bir həftə ərzində boğazdan keçən ticarət gəmilərinin sayı əvvəlki həftə ilə müqayisədə 50 faizdən çox yüksəlib.
ABŞ və İran arasında iyunun 14-də razılaşdırılan, iyunun 18-də isə tərəflərin imzası ilə qüvvəyə minən memorandumdan sonra danışıqlar prosesi davam etsə də, vəziyyət hələ də həssas olaraq qalır. Həmin memorandumda Hörmüz boğazının ticarət gəmilərinin hərəkəti üçün açıq saxlanılması da əsas şərtlərdən biri kimi yer alıb.
Münaqişədən əvvəl bu boğazdan gündə orta hesabla 130 ticarət gəmisi keçdiyi halda, fevralın 28-dən sonra gəmi hərəkəti demək olar ki, dayanmışdı. ABŞ-İran razılaşmasından sonra isə boğazdakı gəmi axınında nəzərəçarpacaq canlanma müşahidə olunub. Bununla belə, hazırkı göstəricilər hələ də münaqişədən əvvəlki səviyyədən təxminən 70 faiz aşağıdır.
Sahə üzrə mütəxəssislər bildirirlər ki, ABŞ ilə İran arasında davam edən danışıqların qeyri-müəyyənliyi və prosesin həssas xarakter daşıması səbəbindən gəmiçilik şirkətləri Hörmüz boğazından keçidlərə ehtiyatla yanaşmağı davam etdirirlər.
Kpler analitik şirkətinin məlumatlarına əsasən, iyunun 15-21-ni əhatə edən həftə ərzində Hörmüz boğazından ümumilikdə 223 ticarət gəmisi keçib. Bu isə gündə orta hesabla 32 ticarət gəmisinin boğazdan keçməsi deməkdir.
Həmin dövrdə ən aşağı gündəlik göstərici iyunun 15-də 18 gəmi, ən yüksək göstərici isə iyunun 20-də 50 gəmi olub.