NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankarada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron səhər saatlarında paytaxtın Çankaya rayonunda yerləşən Seğmenler parkında yürüş edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makron səhər tezdən qaldığı oteldən çıxaraq müşayiətçiləri ilə birlikdə Arqentina prospekti və İran prospekti istiqamətində hərəkət edərək Seğmenler parkına daxil olub.
Park yaxınlığında olan jurnalistlərin "Sabahınız xeyir" və "Türkiyəyə xoş gəlmisiniz" sözlərinə Makron fransız dilində "Sabahınız xeyir" və "Təşəkkür edirəm" cavabını verib.
Fransa prezidentinin yürüşü ilə əlaqədar Seğmenler parkına vətəndaşların girişi müvəqqəti məhdudlaşdırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində media nümayəndələrinin də parka daxil olmasına icazə verilməyib.
Geniş təhlükəsizlik tədbirləri altında təxminən bir saat davam edən yürüşünü başa vuran Makron daha sonra qaldığı otelə qayıdıb.
Fransa prezidentinin NATO Liderlər Zirvəsi çərçivəsində keçiriləcək rəsmi tədbirlərdə iştirak edəcəyi, daha sonra isə mətbuat konfransı keçirəcəyi gözlənilir.